Gənclərin qış düşərgəsi başa çatıb

 

Ağbulaq İstirahət Mərkəzində Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və könüllü gənclərin iştirakı ilə “Gənclərin Qış Məktəbi” adlı düşərgə təşkil olunub. Dekabrın19-dan 22-dək davam edən düşərgə gənclərin şəxsi inkişafına töhfə vermək, onlara komanda ruhu aşılamaq və asudə vaxtlarının səmərəli təşkilinə xidmət edib.

Düşərgənin ilk günündə iştirakçılarla görüşən gənclər və idman naziri səlahiyyətlərini müvəqqəti icra edən, nazir müavini Məcid Seyidov müvafiq sahədə görülən işlər və dövlət siyasətinin əsas istiqamətləri barədə danışıb, düşərgənin dostluq və inkişaf konteksində böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Diskussiya formatında davam edən görüşdə gənclərin təklif və fikirləri dinlənilib, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.

Ümumilikdə 50 nəfərin iştirak etdiyi layihə çərçivəsində şəxsi inkişaf təlimləri, idman və intellekt yarışları, panel müzakirələr, vətənpərvərlik motivli film nümayişləri və əyləncəli oyunlar reallaşıb. Düşərgədə fərqlənən gənclərə sertifikat təqdim olunub.

 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti